Çap versiyası

Azərbaycan Avropaya daha sərfəli marşrutlar təklif edir

05\06\2019

“Nəqliyyat və logistika” sərgisində iştirak edən Azərbaycan dəmiryolçularından ibarət nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

Almaniyanın Münhen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak edən Azərbaycan dəmiryolçularından ibarət nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Ukrayna Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri cənab Yevgeniy Kravtsovla görüşündə iki qurum arasında əlaqələr, TransXəzər Beynəlxalq Nəqliyyat marşrutu və Cənub-Qərb Beynəlxalq Nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ölkələrimizin tranzit potensialının artırılması istiqamətində görülən işlər Azərbaycan və Ukrayna dəmir yolları arasında işbirliyinin perspektivlərini daha da genişləndirir. Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, hər iki ölkənin ticarət dövriyyəsinin artırılması üçün beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından istifadə məsələlərinə diqqət yetirən tərəflər, tranzit marşrutlarının gücləndirilməsi istiqamətində görülən işlərin olduqca təqdirəlayiq olduğunu vurğulayıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Cavid Qurbanovun Avstriyanın “ÖBB-Holding AG”ın Baş İcraçı Direktoru cənab Andreas Matta və “ÖBB Rail Cargo Group” un İdarə Heyətinin üzvü cənab Tomas Karql ilə görüşündə isə Avropa-Asiya istiqamətində yükdaşımalar sistemində Azərbaycanın artan rolu və gələcək əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanla Avstriya arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın intensivləşdirilməsinə səbəb olub. Avropa nəqliyyat sistemində aparıcı rol oynayan Avstriya dəmir yollarının nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında yükdaşımalar sistemində yeni arxitekturanın formalaşması və Azərbaycanın artan rolunu diqqət mərkəzinə çəkərək, daşımaların təhlükəsizliyinin, sürətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini qeyd ediblər. Asiyadan yüklərin Avropaya çatdırılması üçün ənənəvi marşrutlardan daha faydalı olan Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının geniş olduğunu bildirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan fərqli olaraq, Azərbaycan ərazisindən keçən marşrutların vaxt, qiymət və səmərəlilik baxımından daha üstün olduğunu, Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin bütün müasir tələblərə cavab verməsini və lazımi logistik şəraitin yaradılmasını, yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verdiyini diqqətə çatdırdı. Tərəflər Avropa-Asiya arasında artan yük dövriyyəsini nəzərə alaraq, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və iki ölkənin dəmir yolları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Mətbuat mərkəzinə dön