Версия для печати

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması tarixi hadisədir

27\11\2019 Новость

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri var. İki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Eyni zamanda Azərbaycanla Hindistan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər haqqında  ətraflı məlumat verib. 

Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyətindən danışan Cavid Qurbanov bildirib ki, bu dəhlizin yaradılması  həqiqətən də tarixi hadisədir. Dəhlizin inkişafı həm Hindistan, həm Azərbaycan, həm də bütün iştirakçı ölkələr  üçün önəmli məsələlərdəndir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Proqnozlar göstərir ki, bu dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə sözügedən regionun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya və Şimali Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.

Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna beynəlxalq nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın  gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Hindistan hökuməti də dəmir yollarının beynəlxalq səviyyədə təkmilləşdirilməsi,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin fəaliyyətinin gücləndirilməsi üçün önəmli addımlar atıb. 

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Cavid Qurbanov həmçinin qeyd edib ki, Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyası (CONCOR) nümayəndə heyəti noyabrın 28-də  ölkəmizə səfər edəcək. Sədr Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu deyib. İki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının bu istiqamətdə əhəmiyyətindən söhbət açılıb. Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna diplomatik missiyası müddətində Azərbaycanda nəqliyyat, xüsusilə də dəmir yolları sahəsinə böyük maraq göstərildiyinin şahidi olduğunu qeyd edib. Bu əməkdaşlığa töhfə vermək istədiyini bildirən səfir  diqqətə çatdırıb ki, hazırki statistik göstəricilərə görə, Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsində əsas yeri xam neft tutur. Diplomat qeyd edib ki, tədqiqatlara görə  “Şimal -Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30- 40, vaxt baxımından isə 50 faiz qənaətə imkan yaradacaq. Bu baxımdan hər iki ölkənin birgə maraqları çərçivəsində layihənin qısa zamanda  fəaliyyətinin daha da artırılmasının məqsədəuyğun olduğu vurğulanıb.
Mətbuat mərkəzinə dön