Çap versiyası

Qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilir

25\11\2019 Новость

“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan  islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların  fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına istiqamətlənib.

Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov  bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. 

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr  müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı  tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb. 

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin  dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin  gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun  Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci,   dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb. 

Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.
Mətbuat mərkəzinə dön