Çap versiyası

Sənaye yenİlİklərİ

05/11/2019 Azərbaycan məhsulları II Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur

Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb

AZƏRTAC xəbər verir ki, 155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir. Sərginin açılış mərasimində Fransa Prezidenti Emmanuel Makron, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Serbiyanın Baş Naziri Ana Brnabiç, Yamaykanın Baş Naziri Endrü Holnes və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər. Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin hökumətin daxili bazarın idxal məhsullarına daha açıq olmasını təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olduğunu deyib. Bildirib ki, Çin xarici sərmayələrin və idxalın artımına nail olmaq üçün ölkədə biznes şəraitinin inkişafı, iqtisadiyyatda daha sağlam rəqabət mühitinin yaradılması istiqamətində iş aparır. Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər daxildir. Azərbaycan bu il sərginin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər üçün monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı yaradılıb. Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə “Made in Azerbaijan” brendi ilə bazara çıxarılan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar, o cümlədən şərablar və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə ixracına dair danışıqlar aparıb, ilkin razılaşmalar əldə ediblər. Baş Nazirin müavini Şahin Mustafayev sərgi çərçivəsində keçirilən “Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit” mövzusunda əsas forumda çıxış edərək, Çin Xalq Respublikasının ötən 70 ildə böyük uğurlar qazandığını, 1978-ci ildə elan olunan islahatlar və açıqlıq siyasəti nəticəsində isə onun ən sürətlə inkişaf edən ölkələrindən birinə, dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib dövlətinə çevrildiyini deyib. Baş Nazirin müavini dost və tərəfdaş ölkə kimi Azərbaycanın Çinin bu uğurlarına sevindiyini bildirib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə davamlı inkişaf etdiyini deyib. ÇXR-nin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev apreldə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edərək, ölkəmizin sahib olduğu iqtisadi potensialı ilə bu strategiyanın həyata keçməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Ş.Mustafayev ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın bazar iqtisadiyyatı yolunu tutduğunu, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə əlverişli biznes və sərmayə mühitinin, makroiqtisadi sabitliyin təmin olunduğunu deyib. Bildirib ki, hazırda özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 80 faizdən çoxdur. Azərbaycan dünyanın 180-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlər qurub. Son 15 ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişin müşahidə olunduğunu diqqətə çatdıran Baş Nazirin müavini deyib ki, bu müddətdə ÜDM 3 dəfədən çox, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18 dəfə, valyuta ehtiyatları 28 dəfə artıb. Müstəqillik illərində Azərbaycana 270 milyard dollar sərmayə yatırılıb ki, onun da təxminən yarısı xaricdən qoyulan investisiyadır. Qeyd olunub ki, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistanın Baş Nazirinin müavini Elyor Qəniyev, habelə Çinin iri şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
25/10/2019 "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İranın yol və şəhərsalma naziri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-də İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqlar əvvəlcə Bakı Dəmir Yolu Vağzalı ilə tanış olublar. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi. Sonralar dəmir yolu vağzalının yüksək standartlara və müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandı. Bu məqsədlə 2015-ci ilin martında burada əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yüklər, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları, eləcə də 2 saylı “ASAN kommunal” vətəndaşların istifadəsinə verilib. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir. Qonaqlar Bakı-Sumqayıt-Bakı marşutu ilə hərəkət edən, İsveçrənin “Stadler Rail Group” şirkəti istehsalı olan KİSS markalı ikimərtəbəli qatarlarla tanış olublar. “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov qatarların texniki üstünlükləri ilə bağlı göstəriciləri diqqətə çatdırıb. Qonaqlar Bakı Dəmir Yolu Vağzalında görülən işləri yüksək qiymətləndiriblər. Bakı Dəmir Yolu Vağzalı ilə tanışlıqdan sonra “Azərbaycan Dəmir yolları” QSC-nin inzibati binasında təşkil olunan görüşdə qonaqlara Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verilib. Cəmiyyətin sədri Cavid Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən danışaraq bildirib ki, bu dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Sonra ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu ilmartın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək. İranın yol və şəhərsalma naziri Məhəmməd İslami nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirib. Bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb.
23/10/2019 Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin yığıncağı keçirilib

Cavid Qurbanovun Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin yığıncağnda iştirak edib.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi İpək Yolu Beynəlxalq Forum”u çərçivəsində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Yığıncaqda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) İdarə Heyətinin tərkibinə dəyişikliklərin təsdiq edilməsi məsələsinə baxılıb. “Batumi Dəniz Limanı” MMC-nin (Gürcüstan) birliyin üzvlüyündən çıxması, “TIS Container Terminal” MMC-nin (Ukrayna) və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin (Azərbaycan) üzvlüyə qəbul edilməsi müzakirə olunub. Bu ilin 9 ayı ərzində BTNM marşrutu üzrə təsdiq olunmuş daşınma həcmlərinin yerinə yetirilməsi, “Kazmortransflot” MDGŞ-nin son 6 ayda fider xəttinin fəaliyyəti, “Kazmortransflot” MDGŞ və Konsorsium arasındakı fider daşınması üzrə müqavilənin güzəşt müddəti bitdikdən sonra uzadılması nəzərdən keçirilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fider gəmilərinin BTNM marşrutu (Aktau - Bakı - Aktau istiqaməti) üzrə konteynerlərin daşınmasında istifadəsi, 2020-ci il üçün BTNM marşrutu üzrə tarif dərəcələrinə ilkin baxılması müzakirə mövzusu olub. Aktau-Bakı (Ələt) mənzilində və əks istiqamətdə fider gəmilərin iştirakı ilə 45 futluq konteynerlərin daşınması üçün tarif dərəcələrinin təsdiqlənməsi və digər məsələlərə də diqqət çəkilib. "Kazmortransflot" şirkətinin son yarım ildə Aktau-Bakı fider xətti üzrə konteyner daşınmaları sahəsindəki fəaliyyəti barədə hesabat dinlənilib, şirkətin müqavilə müddətinin uzadılması barədə razılıq əldə olunub. Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadə, dəhlizin potensialından faydalanmaq, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Toplantıda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Polşa, Türkiyə və Rumıniyadan olan dəmir yolu idarələrinin nümayəndələri, liman və loqistika şirkətlərinin 60-dan çox təmsilçisi iştirak edib. İclasın sonunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla yekun sənəd imzalanıb.
23/10/2019 Bakıda XI Beynəlxalq Taxıl Konfransl keçirilir

Bakıda XI Beynəlxalq Taxıl Konfransl (Global Grain Outlook) keçirilir.

Konfrans Rusiya Taxıl Birliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiya İxrac Mərkəzi, İranın qida sənayesi assosiasiyaları federasiyası və “İranGrain” təşkilatının dəstəyi ilə keçirilir. Taxıl istehsalının inkişafına, xüsusən də taxıl daşımalarının səmərəliliyinə həsr olunan konfransda "AzRusTrans" QSC və "Rusagrotrans" SC-də fəal iştirak edirlər. Konfrans çərçivəsində taxıl istehsalının inkişafındakı orta və uzunmüddətli tendensiyalar, investisiyaların, o cümlədən, bir necə maraqlı ölkələr tərəfindən taxıl istehsalı və infrastrukturuna birgə investisiyaların təşviqi, taxıl istehsalının və ticarətinin maliyyələşdirilməsi mexanizmləri məsələləri ilə bağlı geniş müzakirələr aparılır. İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarına əsaslanan "ədalətli" taxıl qiymətinin müəyyənləşdirilməsi ilə bağlı yanaşmaları və müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığını təmin etmək üçün tədbirləri müzakirə etdilər. Əhəmiyyətli və aktual məsələr isə taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən, “İpək Yolu”- nun taxıl tədarükü üçün istifadəsi, Fars körfəzinə çıxışı olan “Şimal-Cənub” taxıl dəhlizinin yaradılması və digərləri qeyd olundu Konfrans oktyabr ayının 25 kimi davam edəcək.
17/10/2019 Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclasında iştirak edir

Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və 2019-cu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2019-cu ilin 8 ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, 2019-cu ilin may ayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 2019-cu ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran İslam Respublikası dəmir yolu administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur. Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər. İclasın sonunda yekun protokolu imzalanacaq. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
17/10/2019 Cavid Qurbanov “Stadler Minsk “ zavodunda olub

“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin "Stadler Rail Group" Şirkətinin “Stadler Minsk “ zavodunda olub.

Cəmiyyətin sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb. Sonra müəssisədə "Azərbaycan Dəmir yolları" QSC-nin sifarişi ilə yığılan iki mərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında Wi fi şəbəkəsinə giriş təmin olunub. Səfər zamanı nümayəndə heyətinə "Stadler Minsk" şirkətinin istehsal gücü barədə də ətraflı məlumat çatdırılıb. Bildirilib ki, Stadler konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhər daxili, şəhər və regionlararası qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar buraxır. Sənaye müəssisəsi MDB məkanında mövcud geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 aliminium vaqon və 100 polad seksiyalardir. 919 sərnişin tutumuna malik qatarların istismar sürəti saatda 160 km-dir. "Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.
17/10/2019 Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
14/10/2019 Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakşı ölkələrin deyil, eləc də digər region ölkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq. Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
7 8 9 10 11