Çap versiyası

Sənaye yenİlİklərİ

28/11/2019 İşçi Qrupun üzvləri ilə görüş keçirilib

Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Cəmiyyətin sədri bildirib ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. Azərbaycan bu sazişə beş il sonra - 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 dövlət bu sazişə imza ataraq, ratifikasiya edib. 

"Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan - Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri və müasir inkişafından danışan Cavid Qurbanov fərqli coğrafi məkanları yaxınlaşdıracaq bu dəhlizin iqtisadi cəhətdən əhəmiyyətindən danışıb. O, həmçinin bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin martında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək. 

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski dəmir yolunun ekoloji cəhətdən effektivliliyinə diqqət çəkib. Dəmir yolları sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib. Görüşdə Belarus Dəmir Yolları sədrinin birinci müavini İqor Şilov, İran Dəmir Yollarının vitse-prezidenti  Morteza Cəfəri, Hindistan Konteyner Korporasiyasının (CONCOR) sədri, idarəedici direktoru Kalyana Rama da iştirak ediblər. 

Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

27/11/2019 "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması tarixi hadisədir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın  rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri var. İki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Eyni zamanda Azərbaycanla Hindistan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər haqqında  ətraflı məlumat verib. 

Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyətindən danışan Cavid Qurbanov bildirib ki, bu dəhlizin yaradılması  həqiqətən də tarixi hadisədir. Dəhlizin inkişafı həm Hindistan, həm Azərbaycan, həm də bütün iştirakçı ölkələr  üçün önəmli məsələlərdəndir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Proqnozlar göstərir ki, bu dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə sözügedən regionun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya və Şimali Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.

Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna beynəlxalq nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın  gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Hindistan hökuməti də dəmir yollarının beynəlxalq səviyyədə təkmilləşdirilməsi,  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin fəaliyyətinin gücləndirilməsi üçün önəmli addımlar atıb. 

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Cavid Qurbanov həmçinin qeyd edib ki, Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyası (CONCOR) nümayəndə heyəti noyabrın 28-də  ölkəmizə səfər edəcək. Sədr Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu deyib. İki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının bu istiqamətdə əhəmiyyətindən söhbət açılıb. Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna diplomatik missiyası müddətində Azərbaycanda nəqliyyat, xüsusilə də dəmir yolları sahəsinə böyük maraq göstərildiyinin şahidi olduğunu qeyd edib. Bu əməkdaşlığa töhfə vermək istədiyini bildirən səfir  diqqətə çatdırıb ki, hazırki statistik göstəricilərə görə, Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsində əsas yeri xam neft tutur. Diplomat qeyd edib ki, tədqiqatlara görə  “Şimal -Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30- 40, vaxt baxımından isə 50 faiz qənaətə imkan yaradacaq. Bu baxımdan hər iki ölkənin birgə maraqları çərçivəsində layihənin qısa zamanda  fəaliyyətinin daha da artırılmasının məqsədəuyğun olduğu vurğulanıb.

25/11/2019 Qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilir

“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan  islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların  fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının  artırılmasına istiqamətlənib.

Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov  bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. 

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr  müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı  tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb. 

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan  Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin  dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin  gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun  Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci,   dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb. 

Səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

24/11/2019 Azərbaycan dəmiryolçuları Yaponiyada mühüm görüşlər keçiriblər

Azərbaycan Dəmir Yollarının nümayəndələri Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət komissiyasının 10-cu iclasında iştirak edən Azərbaycan Dəmir Yollarının nümayəndələri Yaponiyanın biznes dairələrinin nümayəndələri ilə də bir sıra görüşlər keçiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” və “ADY Conteiner” MMC-lərin rəhbərləri Tokioda 10-dan artıq iri yük sahibləri və loqistik şirkətlərinin rəhbər heyətləri ilə danışıqlar aparıblar.“JR-Freight Railway”, “HİS Corporation”, “Yusen Logistics”, “Nippon Freight Railway Co”, “Nissin Corporation”, “Toyo Trans Corporation”, “İTOCHİ Cooperation”, “JETRO”, kimi iri biznes nümayəndələri ilə yanaşı, Azərbaycan dəmir yollarının nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat nazirliyində də maraqlı görüşlər keçiriblər. Aparılan danışıqlarda Azərbayacanla Yaponiya arasında nəqliyyat, logistika və dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.


Tokioda aparılan danışıqlarda, yüklərin nəqli mexanizmləri, tariflər, tranzit vaxtı və digər mühüm məsələlər müzakirə olunaraq, əlaqələrin yaxın zamanlarda davam etdirilməsinə dair qərarlar qəbul olunub. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


19/11/2019 Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı Pirşağı stansiyasında Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi və stansiya ilə tanış oldu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.

Bildirildi ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşdü.

Prezident İlham Əliyev Zabrat-2 stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlətimizin başçısı Zabrat-2 stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli dayanır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr ardıcıl və davamlı xarakter daşıyır. Bu layihələr sırasında ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir. Görülən işlər nəticəsində Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu da vətəndaşların rahatlığına hərtərəfli imkan yaradır. Bu baxımdan Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük rol oynayır. Paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlər rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və mənzil başına çata biləcəklər. Layihənin icrası paytaxtda tıxacların qarşısının alınmasına, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunmasına, həmçinin ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verir.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verildi.

Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü.

Son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışan Prezident İlham ƏLİYEV dedi:

-Sağ olun, işlər yaxşı gedir. Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir, bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir.

Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır.

Dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir. Bu gün mən Pirşağıdan Bakıya çox rahat gəlmişəm. Gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.

Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Gəncə sürət qatarının işləməsi görün ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İşlər çoxdur. Mən dəmiryolçuları görülmüş işlər münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Dəmiryolçular: Sağ olun.

X X X

Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. Köhnə Sabunçu Vağzalının binasında yerləşən muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.


14/11/2019 Azərbaycan və Gürcüstan dəmir yolları rəhbərləri arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Gürcüstanın Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Новость
Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib.

Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb.

Sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətə daşınır. Görüşün yekununda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb .

13/11/2019 İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanovu qəbul edib

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib

AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham ƏLİYEV dedi:<br>
<br>
-Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır.<br>
<br>
Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş Naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.<br>
<br>
Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.<br>
<br>
Eyni zamanda, mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, 9 ayda Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır.<br>
<br>
Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır.<br>
<br>
Ona görə mən sizi dəvət etmişəm ki, görülmüş işlərlə bağlı məlumat verəsiniz. Bu ilin sonuna qədər hansı işlər görüləcək və ən əsası, gələn il biz hansı işləri görməliyik? Çünki gələn ilin investisiya proqramında dəmir yollarının tikintisi nəzərə alınmalıdır. Məruzə edin.<br>
<br>
<b>“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV dedi:</b><br>
<br>
-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Əlbəttə ki, bu işlərin əvəzi yoxdur. Ölkəmizdə 15 min kilometrdən çox yol çəkilib, körpülər, aeroportlar tikilib, o cümlədən Azərbaycanın dəmir yollarında bir növ inqilab olub, yenilik edilib. Bunların hamısı Sizin dəstəyiniz və xüsusi qayğınız hesabınadır.<br>
<br>
İcazənizlə, əvvəlcə Bakı dairəvi dəmir yolu barədə məlumat verim. Əvvəllər “elektriçka” adı ilə mövcud olmuş bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi.<br>
<br>
Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı sularını yığışdırmışıq.<br>
<br>
Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> İlin axırına tamamlanır, çox yaxşı.<br>
<br>
<b>Cavid QURBANOV:</b> İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.<br>
<br>
Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> 12 min?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Bəli,12 min. Amma bu açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Bəli, mən getmişəm o yolu, çox rahatdır.<br>
<br>
<b>Cavid QURBANOV: </b>Sürəti də 140-a artırmaq istəyirik.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.<br>
<br>
<b>Cavid QURBANOV:</b> Bəli, hamısı işləyir.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.<br>
<br>
<b>Cavid QURBANOV: </b>Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> Neçə saata gedir?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Üç saata?<br>
<br>
<b>Cavid QURBANOV:</b> Bəli.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Çox gözəl.<br>
<br>
<b>Cavid QURBANOV:</b> Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yolötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> Vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından daha da əlverişlidir. Bəs, Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> Amma hələlik torpaq işləri aparılır?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV:</b> Nə vaxt hazır olacaq?<br>
<br>
<b>Cavid QURBANOV: </b>Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.<br>
<br>
<b>Cavid QURBANOV: </b>Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Yaxşı. Bəs, Ələt-Astara dəmir yolunda hansı işlər görülür?<br>
<br>
<b>Cavid QURBANOV:</b> Ələt-Astara yolu ilə bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yol kənardan aparılsın. Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də o tərəfdə bizim böyük terminal tikilib. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Bəli, biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik.<br>
<br>
Bir də ki, mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün. Həmçinin bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri görmüsünüz?<br>
<br>
<b>Cavid QURBANOV:</b> Cənab Prezident, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək.<br>
<br>
<b>Prezident İlham ƏLİYEV: </b>Bəli, o yola da çox böyük diqqət göstərilməlidir. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracağıq.

06/11/2019 Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq

Enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir

Enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir. Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33.4 % yerinə yetirilib. Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən 5 yeni dartı yarımstansiyası ilə əvəzlənəcək. Məlumat üçün bildirək ki, növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol açacaq.
6 7 8 9 10