Sənaye yenİlİklərİ
İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol-nəqliyyat infrastrukturunda həyata keçirilən genişmiqyaslı işlər bu sahənin müasir səviyyəyə çatmasında böyük rol oynayıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Pirşağı qəsəbəsində avtomobil tunelinin inşası da bunu bir daha sübut edir. Bu, eyni zamanda, ölkəmizin hər yerində, o cümlədən paytaxtın yol və nəqliyyat sektorunun təkmilləşdirilməsi, yeni yolların salınması, mövcud yol təsərrüfatının ən müasir səviyyədə yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığını göstərir. Bu layihələrin icrasından paytaxtla yanaşı, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür.
Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rola malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı qəsəbəsində yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.
Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.
Sonra dövlətimizin başçısı tunelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub
Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq multimodal marşrutun inkişafı üzrə 5 ölkənin-Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub.
Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub. Dəhlizin əhəmiyyətindən danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov onun iştirakçı ölkələrə fayda gətirəcəyini bildirib.
Çıxışlardan sonra iştirakçı ölkələr arasında çoxtərəfli və ikitərəfli qaydada Protokollar imzalanıb.
İclas çərçivəsində Azərbaycanla Özbəkistan Dəmir Yolları rəhbərləri arasında görüş keçirilib. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. İkitərəfli görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, eləcə də tranzit yüklərinin həcminin artırılması müzakirə olunub.
Görüşdə həmçinin bildirilib ki, Azərbaycanla Özbəkistan arasındakı yük dövriyyəsi 2019-cu ilin yanvar-noyabr aylarında 127 min ton təşkil edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,1 min ton çoxdur. Tərəflər yük həcmlərinin qarşılıqlı artırılması və bu marşrutun inkişafına yönəlmiş tədbirlərin təşkilinə dair razılığa gəliblər.
Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib
Mətbuat konfransında C.Qurbanov Azərbaycan dəmir yolunun tarixi, müasir dövrdə dəmir yolunun mövcud durumu və perspektiv planlar haqqında geniş məlumat verib. O deyib ki, Azərbaycanda ilk dəmir yolu hələ XIX əsrin sonlarında istifadəyə verilib. Ötən əsrin əvvəllərində elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən sonra isə bu sahənin Azərbaycan iqtisadiyyatında rolu artmağa başlayıb.
Azərbaycanın dəmir yollarının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən C.Qurbanovun sözlərinə görə, Ulu Öndərimiz bu sahənin inkişafı ilə əlaqədar çox böyük işlər görüb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
C.Qurbanov bildirib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə inkişaf var və dəmir yolu sahəsi də xüsusi inkişaf dövrünü yaşayır. Bu gün respublikada dəmir yollarının ümumu uzunluğu 4200 kilometrə çatdırılıb, baş yollar isə 2955 kilometr təşkil edir.
O söyləyib ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin 20 min nəfərə qədər işçisi var: ““Azərbaycan Dəmir Yolları" QSC-də 2015-ci ilə nisbətən əməkhaqqı hazırda 95 faiz artıb. Əvvəllər əməkhaqqı 120-130 manat olubsa, hazırda bu rəqəm 583 manatdır. Əməkhaqqının yüksəlməsi yükdaşımaların artımı ilə bağlıdır”.
QSC sədrinin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Ötən il yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.
Yeni layihələr barədə məlumat verən C.Qurbanov söyləyib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq. O bildirib ki, həmin yolun araşdırılmasına başlanılıb: “Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. Eyni zamanda, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.
C.Qurbanov həmçinin Bakıda tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məsələ ölkə başçısına məruzə olunub: “Lakin bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir”. C.Qurbanov vurğulayıb ki, hazırda bununla bağlı iş gedir. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar aparılır. Ancaq istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar.
C.Qurbanov həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışıb. Bu layihənin dövlətimizin siyasi iradəsi sayəsində reallaşdığını deyən QSC sədri bu məsələdə Preizdent İlham Əliyevin xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, bu layihəyə müəyyən xarici dairələr tərəfindən qısqanclıqla yanaşılır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.
C. Qurbanov qeyd edib ki, bu dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır: “Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.
BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C. Qurbanov söyləyib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir: “Bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir. Bu məsələ araşdırılır”.
“ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
3 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer” MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıblar.
Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir.
Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.
“ASAN Railway” sisteminin artıq ilkin modeli laborator mühitdə hazırdır və müvafiq Memorandum prosesi daha da sürətləndirəcək.
“ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib
O bildirib ki, “Rusiya Dəmir Yolları” ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Transsibir magistralı bunun əyani göstəricisidir.Cavid Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi, Azərbaycanın Birincı vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona “Dostluq” ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir.
Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət göstərir.
Hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.
Cavid Qurbanov həmçinin Transsibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan səmərəli istifadəyə səbəb olacaq.
Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib
Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.
Cavid Qurbanov öz növbəsində, Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib.
Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.
Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşüb.
Cəmiyyətin sədri qonaqlara Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə, Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub. Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan Velik Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təklifi müsbət qarşıladığını deyib və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirliyinin Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə məlumat verib. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında danışılıb.Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətlərdə iqtisadi proqramlarının həyata keçirilməsinə maliyyə dəstəyi verir.
Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.