Çap versiyası

Sənaye yenİlİklərİ

14/02/2020 Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyən edilib

Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələri müəyyən edilib

Yeni tarifləri müəyyən edən protokol Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri tərəfindən imzalanıb.

Mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlb edilməsi məqsədilə qəbul edilən rəqabətli tariflər 2020-ci ilin aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaqlar.

Yeni tariflər neft və neft məhsullarının həm bərələr, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə, və Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.

Qeyd edək ki, 2019-cu ildə Türkmənbaşı limanından tankerlərlə Dübəndi neft terminalına 271 min ton, bərələrlə Ələtə isə 90 min ton neft və neft məhsulları daşınıb.


13/02/2020 İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

"Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və rentabelli fəaliyyətin, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyətini, birgə iş çərçivəsində bu sahənin sürətli inkişafına nail olunacağını qeyd edib.

Sonra "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.

Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.


09/02/2020 Astara terminalının fəaliyyətə başlamasından 2 il ötür

Astara terminalının fəaliyyətə başlamasından 2 il ötür

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu.

2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.

Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.

Astara terminalından keçən yüklərin həcminə gəlincə, 2019-cu ildə terminaldan, ADY Express tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub. Terminalın fəaliyyəti dövründə, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.

Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də işlər həyata keçirilməkdədir.


06/02/2020 İlham Əliyev “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın “Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirildi.



05/02/2020 Çexiya ilə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində görülən işlər, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətləri üçün investisiya imkanları barədə məsələlər müzakirə olunub.
Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. 


03/02/2020 Astara terminalında yük həcmləri artır

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” digər üzv dövlətləri ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsinə şərait yaradır

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsində ölkəmizin aktiv fəaliyyəti Azərbaycan, Rusiya və İran arasındakı əlaqələrin inkişafı ilə yanaşı, dəhlizin digər üzv dövlətləri ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Bu isə ölkəmizin nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə də öz töhfəsini verir.

Layihə çərçivəsində Azərbaycan-İran sərhədi yaxınlığında, qonşu dövlətin ərazisində yerləşən, Astara yük terminalının, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən, inşası davam edir. Buna baxmayaraq artıq 2018-ci ildən başlayaraq tikinti işləri ilə yanaşı terminalda yükaşırma əməliyyatları həyata keçirilir. Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində yükdaşımaların həcminin artırılması nəticəsində, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin operator olduğu, Astara yük terminalından 2019-cu il ərzində aşırılan yük həcmlərində artım müşahidə edilib.

 Belə ki, 2019-cu ildə Astara terminalında 363 842 ton yük aşırılıb. Bu isə aşırılan yüklərin həcmində 33 % artım deməkdir. Müqaisə üçün, 2018-ci ildə bu göstərici 263 976 ton təşkil etmişdi. Azərbaycandan tranzit kimi nəql olunan yüklər, həm Rusiyadan İrana həm də əks istiqamətində daşınan yüklərdir. Buların arasında əsasən, taxta və taxta məmulatları (aşırılan yüklərin ümumi həcmindən 48% təşkil edib), dənli bitkilər (17%), tikinti materialları (18%), meyvə-tərəvəz, konteyner və digər yüklərdir (17%). 2019-cu ildə gün ərzində aşırırlan yüklərin həcminə gəlincə, terminalda orta hesabla gündə 23 vaqon və ya 1 373 ton yük aşırılıb ki, 2018-ci ildə bu göstərici müvafiq olaraq 16 vaqon və ya 1056 ton yük təşkil edib. Aşırılan yüklərin əksəriyyəti və ya 82% tranzit yüklərin payına düşüb. Onu da qeyd edək ki, 2019-cu ildə ən çox yük noyabr ayında aşırılıb, həmin ayda 40 472 ton yük aşırılıb ki, bu da bu vaxta qədər 1 ay əarzində aşırılan yüklərin həcmində rekord göstərici hesab edilir.

Xatırlada ki, “Şimal-Cənub” Beynəlxaql Nəqliyyat Dəhlizi çərçivəsində Astara terminalının inşasına 2016-cı ildə start verilib, 2018-ci il mart ayında tikintinin birinci fazası yekunlaşdırıldı. Yükaşırma əməliyyatları terminalda 2018-ci ilin fevral ayından həyata keçirilir.

29/01/2020 Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib. 

Bununla əlaqədar hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb. Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub. Sənədə əsasən vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də zərərin ödənilməsi qaydaları tənzimlənir. Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.
16/01/2020 Dəmir yolunda 2019-cu ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Cəmiyyətin sədri Cavid Qurbanov il ərzində  dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında  çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib. Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" QSC  dövlət başçısı  İlham Əliyevin iştirakı ilə  4 mühüm layihənin təqdimatını keçirib. Prezident İlham Əliyevin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin,  dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.  

Cəmiyyətin sədri ötən il ərzində  əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018 – ci il ilə müqayisədə 9,1 % artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunmuşdur. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olmuşdur. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki,  bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artmışdır.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxili ve beynəlxalq istiqamətlərdə 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olmuşdur, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya  və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir. “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci,  indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Cəmiyyətin kadr potensialından danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib.

2015-ci illə müqayisədə orta aylıq əmək haqqı 103 % artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. 

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun  struktur bölmələrinə tapşırıqlar verilib.


4 5 6 7 8