Sənaye yenİlİklərİ
Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı perspektivlərini müzakirə edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə 18 noyabr tarixində Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı perspektivlərini müzakirə edib.
Rusiya hökumətini məlumatına görə, Cənubi Qafqazda nəqliyyat rabitəsinin tənzimlənməsinə dair qərarları nəzərə alaraq dəmir yolu infrastrukturunun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət çəkərək ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin aktual tərəflərini müzakirə ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda aparılan islahatlar və səmərəliliyin artırılması istiqamətində nəzərdə tutulan işlər barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha da artıb.
“Gürcüstan Dəmir Yolları” SC-nin sədri David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu marşrutun imkanlarından istifadə edilməklə, yüklər Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə və əks istiqamətdə daşınır.
Sonra hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi olub, yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması ilə bağlı müzakirələr aparılıb.
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı ilə əlaqədar videokonfrans təşkil olunub.
Cəmiyyətin sədri Cavid Qurbanov bildirib ki, bu il Azərbaycanda dəmir yollarının yaranmasının 140 ili tamam olur. Sədr ötən dövrə qısa nəzər yetirərək qeyd edib ki, ilk dəmir yolu xəttinin çəkilməsi XIX əsrin 70-ci illərində neftin daşınması və neft sənayesinin sürətli inkişafı ilə əlaqədar meydana gəlmişdi. Bu da onu göstərir ki, dəmir yolu yarandığı gündən iqtisadiyyatın vacib sahələrindən biri kimi onun inkişafına təkan verib. Azərbaycanda dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ötən əsrin 60-cı illərinin sonunda müşahidə olunub. Həmin dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin dəmir yolu qovşağının genişləndirilməsi və dəyişməsi istiqamətində əsaslı layihələr icra olunub.
Dəmir yolu nəqliyyatının beynəlxalq standartlara uyğun inkişafı, bu sahədə islahatlar və yenidənqurma işlərinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Ölkəmizdə və beynəlxalq məkanda dəmiryolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir. Bu gün ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan dəmiryolçuları qarşıya qoyulan vəzifələrin icrasına yorulmaz əmək sərf edirlər. Son illər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturu qabaqcıl informasiya-kommunikasiya texnologiyaları əsasında müasirləşdirilib, maddi-texniki bazası daha da möhkəmləndirilib, Cəmiyyətin işçilərinin sosial rifahı xeyli yaxşılaşdırılıb.
Cavid Qurbanov onu da diqqətə çatdırıb ki, 2005-ci ildən dövlət başçısının sərəncamı ilə hər il oktyabrın 13-ü tarixinin ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd edilməsi onların zəhmətinə verilən yüksək dəyərin ifadəsidir. Çoxminlik dəmiryolçu kollektivi ölkəmizin rifahı naminə yorulmadan çalışaraq, bu etimadı doğrultmağa və iqtisadiyyatımıza töhfə verməyə səy göstərirlər. Pandemiya şəraitində də fəaliyyətini dayandırmayan dəmiryolçular karantin tələblərinə əməl etməklə, üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlər.
Qələbə əzmli Ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə haqq işində qazandığı ardıcıl nailiyyətlər, düşmən üzərində əldə etdiyi möhtəşəm zəfərlər xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, Azərbaycan dəmiryolçularını da ruhlandırır. “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün heyəti Ali Baş Komandanın ətrafında sıx birləşərək vətənin müdafiəsi naminə hər bir strateji tapşırıqların icrasına hər an hazırdır.
Videokonfransın sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri kollektivi 140 illik yubiley münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyyətlər arzulayıb.
Sərnişinlər gediş haqqını təmassız bank kartları ilə ödəmək imkanı qazanacaqlar
“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarını bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.
Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.
«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. Visa-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd etdi..
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək qeyd etdi: “Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirdi: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev söylədi: “Azərbaycan Beynəlxalq Bankı bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sı müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə 21 may 2020-ci il tarixində dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir.
Sentyabrın 2-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkədə və regionda baş verən son siyasi və iqtisadi yeniliklərdən söhbət açaraq onların ADY-nin fəaliyyətinə mümkün təsirlərini qeyd edib. Sədr dəmir yoluna cəlb olunan investisiyaların məqsədyönlü və səmərəli olması, əməliyyat xərclərinin optimallaşdırılması və xüsusilə tranzit dəhlizlərdə gəlirliliyin artırılmasının strateji önəmini vurğulayıb. Həmçinin, dünyanın bir çox ölkələrində olduğu kimi, dəmir yolunun sərnişindaşıma sahəsində sosial məsuliyyətinin uğurla davam etdirilməsinin və infrastruktur xidmətlərinin lazımi səviyyədə saxlanılması üçün bu sahələrə investisiya yatırılmasının vacibliyini qeyd edib.
Daha sonra, McKinsey&Company şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “ADY” QSC-nin İdarə Heyətinə dünyanın ən uğurlu dəmir yollarının təcrübələrindən nümunələr təqdim olunub və ADY-nin strateji məqsədlərinin hansı istiqamətlərdə formalaşdırılmasına dair məsləhətlər verilib.
Abşeron yarımadasında Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.
Daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.
Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stanisya, 2 körpü, 4 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada keçidi, 3 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.
Azər Məmmədov, ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdiri: “Bu yol çətin relyefə malik ərazidən keçir. Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hal-hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir”.
Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.
Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq.
Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına kömək edəcək.
Video link: https://www.youtube.com/watch?v=uvTik-DygTc
Ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas keçirilib
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.
Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.
“Asiya İnkişaf Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə bağlı bir sıra işlər yerinə yetirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı cənab İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlanması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib.
İclasda COVID-19 pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarında artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb.
Yekunda cənab Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.
Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib.
Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub. Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.
Dəyişən cərəyanla işləyən lokomotivlərin beynəlxalq istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaratmaq məqsədi ilə ADY tərəfindən iki müasir lokomotiv deposunun Biləcəri və Gəncədə tikintisi aparılır.
Qeyd edək ki, dəyişən cərəyana keçid üzrə işlər çərçivəsində 2019-cu ilin oktyabr ayında Qazaxıstanın Nur-Sultan şəhərində təşkil edilmiş simulyator təlimini ADY-nin 23 nəfər maşinisti uğurla bitirərək sertifikat alıb.