Sənaye yenİlİklərİ
Dünya Bankının və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə “Strateji İdarəetmə” mövzusunda seminar keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər şəxsləri üçün nəzərdə tutulan seminarın təşkilində məqsəd ADY-nin ümumi strateji və korporativ inkişafına töhfə verməkdir. Seminarın əsas məruzəçisi beynəlxalq məsləhətçi, bir sıra ölkələrdə dəmir yolu şirkətlərinin idarəetməsi və islahatları sahəsində 15 illik təcrübəsi olan Adamas İlkiviçius olub.
Açılış mərasimində Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl, Bankın nəqliyyat məsələləri üzrə baş mütəxəssisləri cənab Aymen A. Osman Ali, Nicat Vəliyev iştirak ediblər.
Seminarın proqramı çərçivəsində strateji və korporativ idarəetmə, islahatların və layihələrin, risklərin, eləcə də əsas fəaliyyət göstəricilərinin idarəedilməsi, strategiyanın tətbiqi və korporativ idarəetmə üzrə dünya təcrübəsi mövzuları ətrafında müzakirələr aparılıb.
İclasda ADY Müşahidə Şurasının sədri və üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərbaycan Dəmir Yolları” QSC və “McKinsey&Company” şirkətinin nümayəndələri iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.
Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.
Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.
Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.
Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.
İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxışlar edilib. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.
Dəmir yolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir
Hal-hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar, avtonəqliyyat vasitələri ilə yanaşı dəmir yolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.
Bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir.
Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25% aşağı qiymətə başa gəlir.
Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb.
Əlaqələndirici şəxslər:
Emil Əhmədov – (ADY) Yük daşımaları departamentinin rəisi – 050 211 55 32
Babək Əliyev – (ADY) Yük daşımaları departamentinin rəisinin müavini – 050 210 60 68
Elçin Məmmədov – (ADY) Yük daşımaları departamentinin rəisinin müavini – 050 403 03 63
Emin İsmayılov – (DGK) Sərhəddə prosedurların monitorinqi şöbəsinin baş inspektoru – 051 661 12 12
Orxan Mikayıl – (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri – 050 310 33 55
“Azərbaycan Dəmir Yolları” QSC-də “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüş keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları və iki ölkənin dəmir yolu qurumları arasında əlaqələrin əhəmiyyəti barədə danışıb. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindəki fəal rolunu qeyd edən Cəmiyyət sədri bildirib ki, həmin marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına təkan verir. Görüş zamanı yüklərin daşınması sahəsində birgə fəaliyyətin nəticələri, həmçinin tərəfdaşlığın uzunmüddətli perspektivləri istiqamətində atılacaq addımlar müzakirə edilib. Tərəflər Qazaxıstan və Azərbaycan dəmir yollarındakı tranzit yük daşınması seqmentində həcmlərin müsbət dinamikasını vurğulayıblar.
Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə yükdaşımalar əsasən Çin və Qazaxıstandan, Gürcüstan, Türkiyə, Avropa və əks istiqamətdə həyata keçirilir. 2021-ci ilin ilk 4 ayı ərzində Azəabaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49 faiz artıb. Artım əsasən Çinin idxal və ixrac əməliyatlarının payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.
2019-cu ildə istifadəyə verilmiş Aktau limanı - Bakı (Ələt) limanı - Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal yükdaşımaların həcminin artırılması məqsədi ilə sənəd dövriyəsinin elektronlaşdırılması (rəqəmsallaşdırılması) məsələlərinə də toxunulub.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev rəhbərlik etdiyi qurumun beynəlxalq nəqliyyat layihələri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığını yüksək qiymətləndirib. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna olan tələbatı, eləcə də bu marşrut üzrə daşımaların səmərəliliyini diqqətə çatdırıb.
Birgə fəaliyyət perspektivlərindən danışan görüş iştirakçıları Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından tam istifadə olunması məqsədi ilə layihənin 2025-ci ilədək İnkişaf Strategiyasının qəbul edilməsinin vacibliyini bildiriblər. Görüşdə yükdaşımaların həcminin artırılması üçün marşrut üzrə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması barədə razılığa gəlinib.
Tərəflər Azərbaycan, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb. Qeyd olunub ki, nəqliyyat sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər zaman dövlət tərəfindən diqqətdə saxlanılır və bu məqsədlə Azərbaycan bütün əhəmiyyətli beynəlxalq layihələrin reallaşdırılmasında fəal iştirak edir. Cografi üstünlüklər logistika, tranzit imkanlarını daha da genişləndirir və Azərbaycan önəmli beynəlxalq nəqliyyat qovşağına çevrilib. Cəmiyyət sədri dəmir yolu sahəsində həyata keçirilən islahatlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “Şimal-Cənub” və "Cənub-Qərb" dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.
“Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradze əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlardan söhbət açıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını bildirən qonaq bu layihənin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfə olduğunu diqqətə çatdırıb.
Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.
Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə heyətinin sədri Cavid Qurbanov və digər üzvləri iştirak ediblər.
İlk olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri Rəşad Nəbiyev iclasda vurğulayıb ki, son illər nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.
“Azərbaycan Dəmir Yolları” QSC ölkəmizin regional müstəvidə rəqabət qabiliyyəti və tranzit potensialının gücləndirilməsində mühüm rola malikdir. Səhmdar cəmiyyət regionda özünün aparıcı mövqeyini qoruması üçün bundan sonra daha böyük əzmlə çalışmalıdır”, – deyə Rəşad Nəbiyev qeyd edib.
Müşahidə Şurasının sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılmasının Müşahidə Şurasının əsas vəzifəsi olduğunu vurğulayan Rəşad Nəbiyev deyib: “Müşahidə Şurası QSC-nin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcəkdir”.
İclasda həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
<p> Videoformatda təşkil olunan kollegiya iclasında əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb.<br> </p>
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. Cəmiyyət sədri Prezident İlham Əliyevin sərəncamları əsasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair tapşırıq və öhdəlikləri diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət başçısının fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması ölkəmizdə həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək. Cəmiyyət sədri dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin 2021-ci il, fevralın 12-də imzaladığı sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini deyən Cavid Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılmasına təsirini göstərəcək.
İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq struktur bölmələrə aidiyyatı üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.
Sədr “Azərbaycan Dəmir Yolları” QSC kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıda qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.