Çap versiyası

Sənaye yenİlİklərİ

09/03/2021 ABŞ-ın Azərbaycandakı səfirinin müavini ilə görüş olub

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb. Cəmiyyətin sədri bildirib ki, Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi mühüm layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır. Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmaq məqsədi daşıyan Şimal-Cənub dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruriləşdirir.

Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun fəaliyyətinə də diqqət çəkən Cavid Qurbanov qeyd edib ki, marşrut boyunca vaqonla daşınan 10-dan çox yük növünə 28 marşrut üzrə güzəştli tariflər, həmçinin konteyner  və vaqon daşımalarında vahid qiymət və texnologiya tətbiq olunur.

Bildirilib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün  işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə start verilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson isə Azərbaycanda dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq yükdaşıma istiqamətində mövcud dəhlizlər barədə verilən ətraflı məlumata  görə təşəkkürünü bildirib. Pandemiya şəraitinə baxmayaraq, hazırda Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin mövcud əlaqələrin daha da möhkəmlənməsi və bu sahəyə yeni şirkətlərin cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın digər perspektivləri ətrafında da müzakirələr aparılıb.


06/03/2021 “Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sı ilə əlaqədar videokonfrans keçirilib 

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədi ilə dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib. 

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu sahəsinə diqqətin artırılması və aparılan islahatlar nəticəsində Cəmiyyətin maliyyə öhdəliyi optimallaşdırılıb, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsi istiqamətində işlərə başlanılıb və əməliyyat səmərəliliyi inkişaf etdirilməkdədir. O, həmçinin ölkənin iri dövlət qurumlarında korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılmış addımları vurğulayaraq, dəmir yolu sektorunun inkişaf etdirilməsində birgə səylərin vacibliyini deyib. 

Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması regional nəqliyyat axınlarına təsir imkanlarını genişləndirəcək və nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Videokonfransda məsləhətçi şirkətin nümayəndələri layihənin gedişatı barədə təqdimat edib. Dəmir yolu sektoru üzrə beynəlxalq ekspertlər tərəfindən bu sahədəki ən uğurlu təcrübə nümunələri təqdim olunub və müvafiq məsləhətlər verilib,  Cəmiyyətin strateji məqsədləri və digər məsələlər müzakirə edilib.  

Görüşdə ADY-nin kommersiya potensialının artırılması və qlobal yüklərin cəlb edilməsi, həmçinin regionda baş verən sosial-iqtisadi mövzuların dəmir yolu sektoruna təsiri məsələlərindən də danışılıb.


03/03/2021 Almaniyanın Azərbaycandakı səfiri "Azərbaycan Dəmir Yolları" QSC-də olub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Almaniyanın Azərbaycandakı səfiri Dr.Volfqanq Maniqlə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa son dövrlərdə dəmir yollarında aparılan islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu, inkişaf strategiyası, beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları, iştirakçı ölkələrlə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu dəhliz  həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq və iqtisadi əlaqələri genişləndirəcək.

Cəmiyyət sədri bildirib ki, dəmir yollarında kontakt şəbəkəsinin yenilənməsi, rabitə-işarəvermə sisteminin, enerji təsərrüfatının layihələndirilməsi və yenidən qurulması işlərinin satınalınması məqsədi ilə tender prosesi davam etdirilir. Tenderdə Almaniya şirkətinin də iştirak etdiyi vurğulanıb.

Məlumat verilib ki, “Azərbaycan Dəmir Yolları” QSC Almaniya, İsveçrə, Avstriya kimi ölkələrin beynəlxalq nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.

Səfir Dr.Volfqanq Maniq isə “Alman Dəmir Yolu” SC-nin yaranma tarixi, inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. O, ikitərəfli əlaqələrin genişləndirilməsində, alman şirkətlərinin Azərbaycanda dəmir yolu sahəsində gerçəkləşdiriləcək layihələrə investisiya yatırımında maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri və mümkün istiqamətləri müzakirə olunub.


21/02/2021 “Azərbaycan Dəmir Yolları” QSC-də Argentina səfiri ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Qunella ilə görüş olub

Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmir yolu sahəsində mövcud potensialı müzakirə olunub.

“Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, tranzit daşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb. Qeyd olunub ki, 2020-ci ildə Argentinadan ölkəmizə 3334 ton yük idxal edilib. Hər iki ölkə arasında tranzit yükdaşımaların həcmi 28 ton, ixrac yönümlü yüklərin həcmi isə 37 411 ton olub. Daşınan yüklərin arasında qara metal və mineral tikinti materialları, çörək və ərzaq məhsulları üstünlük təşkil edib. Görüşdə Argentina mənşəli yüklərin daşınması ilə bağlı təkliflər və ilkin marşrut sxemi təqdim olunub. Diqqətə çatdırılıb ki, dəniz xətti şirkətləri və tranzit keçən ölkələrin dəmir yolları qurumları ilə sıx əməkdaşlıq Azərbaycan və Argentina arasında yüklərin əlverişli və səmərəli çatdırılmasına imkan verir. Qeyd olunub ki, həmin daşınmaların Argentinanın konteyner terminalları və limanlarından götürülərək, Türkiyənin Mersin, Gürcüstanın Poti limanına çatdırılması, oradan dəmir yolu platforması üzərindən Azərbaycana və Rusiyaya, Ələt Limanı vasitəsilə Orta Asiya ölkələrinə nəqlinin həyata keçirilməsi mümkündür. Yüklərin eyni sxem əsasında Argentinaya daşınmasını da reallaşdırmaq olar.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səfir Serxio Perez Qunella Bakıdakı diplomatik fəaliyyəti müddətində xalqlarımız arasında bir sıra oxşarlıqlar müşahidə etdiyini deyib. 44 günlük Vətən müharibəsi müddətində xalqımızın əzmkarlığının, mübarizliyinin şahidi olduğunu qeyd edən diplomat qələbə münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm dəhliz funksiyasını yerinə yetirdiyini deyən qonaq Argentinanın dəmir yollarının hazırkı vəziyyəti və inkişaf istiqamətləri barədə danışıb.

Görüşdə Azərbaycanın dəmir yolu nəqliyyatının daxili və xarici imkanlarını əks etdirən təqdimat keçirilib. Sonda hədiyyələr təqdim olunub.


09/02/2021 AzTU tələbələri üçün təcrübə imkanları genişləndirilir

“Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti ilə görüş olub


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov gənc mütəxəssislərin dəmir yolu sahəsinə marağının artırılması üçün zəruri addımlardan söhbət açıb və bu sahədə iş prosesini yaxından izləmək üçün əlverişli şərait yaradılmasının mümkünlüyünü diqqətə çatdırıb. Görüşdə gənc kadrların bilik və bacarıqlarına daha çox tələbat olan istiqamətlər müzakirə olunub. Onların nəzəri biliklərini tətbiq etmələri üçün müvafiq ixtisaslar üzrə təcrübə imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılıb.

AzTU-nun rektoru Vilayət Vəliyev görüşdən əvvəl Bakı Dəmir Yolu Vağzalı, eləcə də digər stansiya və depolarda iş prosesi ilə yaxından tanış olduğunu bildirib. Qeyd olunub ki, universitet dəmir yolu nəqliyyatı və təsərrüfatı sahəsində kadrlar hazırlamaqda maraqlıdır. Əgər zərurət yaranarsa, bu sahədə tələb olunan mütəxəssislərin hazırlanması üçün ali təhsil ocağında yeni ixtisasların yaradılması da mümkündür. "Azərbaycan Dəmir Yolları" QSC-dən peşəkar və ixtisaslı mütəxəssislər dəvət olunaraq, tədris prosesinə cəlb edilə bilərlər. Həmin tələbələrin  öz ixtisasları üzrə iş prosesinə cəlb olunmaları onların gələcək fəaliyyətlərində səmərəli təcrübə əldə etmələrinə imkan yaradar.

Görüş tələbə və məzunların təcrübə imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam etdirilib.


18/01/2021 Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və İran dəmir yolları idarə rəhbərləri Cavid Qurbanov və Səid Rəsuli arasında əməkdaşlığın artırılmasına dair saziş imzalanıb


APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Azərbaycan və İran arasında dəmir yolları əlaqələrinin inkişafına dair müzakirə aparılıb.

Sonra iki ölkə arasında dəmir yolları arasında əməkdaşlıq sazişi imzalanıb.

Daha sonra Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri İran dəmir yollarının inkişaf mərkəzi ilə tanış olub.

İki ölkə dəmiryolçuları arasında təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əlaqələrin inkişafının zəruriliyini vurğulayıb.


14/01/2021 İranın Azərbaycandakı səfiri ilə görüş olub

Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb. 

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonda xatirə hədiyyələrinin təqdimatı olub.


23/11/2020 Bərdə–Ağdam dəmir yolu xətti ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı

<div> Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı </div>

Новость

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2020-ci il.


1 2 3 4 5