Sənaye yenİlİklərİ
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində ilk dəfə olaraq qatarların hərəkətinə başlanılıb
İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. Sumqayıt-Yalama dəmir yolunun Şabran-Çarxı istiqamətində mövcud xətlə yanaşı yeni inşa edilmiş xətt də istifadəyə verilib. Beləliklə, layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.
Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.
Bu günədək yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 22,12 faizi artıq tamamlanıb. Belə ki, 87 km-lik hissədə mövcud relslərin söküntüsü, alt-ballast və ballast materialının qazıntısı və alt-ballast materialının sərilməsi, 70,8 km-lik hissədə birinci lay ballastın sərilməsi və 65 km-lik hissədə ikinci lay ballastın sərilməsi işləri tamamlanıb. Həmçinin 37 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.
Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2017-ci il 19 dekabr tarixli və Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında 2019-cu il 11 mart tarixli kredit müqavilələrinə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.
Layihələndirmə və tikinti-quraşdırma işləri Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.S.” və Qazaxıstanın “Integra Construction KZ LLP” şirkətlərinin birgə müəssisəsi, tikintiyə texniki nəzarət xidmətləri isə Almaniyanın “Kocks Consult Gmbh” və “SSF Ingenieure AG” şirkətlərinin birgə müəssisəsi tərəfindən icra olunmaqdadır.
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirinin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-də Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə “Stadler Minsk” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətləri arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub. Qeyd edilib ki, ölkələrimiz nəqliyyat, o cümlədən dəmir yolu sahəsində ikitərəfli və çoxtərəfli şəkildə əlaqələri inkişaf etdirir. Cavid Qurbanov bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC 2015-ci ildən Belarusun aparıcı sənaye müəssisəsi və “Stadler” beynəlxalq konserninin bir hissəsi olan “Stadler MİNSK” QSC ilə əməkdaşlığa başlayıb. Şirkətlə 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 10 ədəd FLİRT markalı sərnişin qatarının alınması nəzərdə tutulur. Bunlardan 4 ədədi dizel, 6 ədədi isə elektrik qatarlarıdır.
Həmçinin bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi sahəsində daşınan yüklərin həcminin artırılması məqsədi ilə 20, 40 və 45 futluq konteynerlərə, taxıl və taxıl məhsullarına, günəbaxan yağına, taxta yükünə, neft məhsullarına və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Astara ərazisindən daşınan bütün növ tranzit və ixrac yüklərinə güzəştli tariflər tətbiq edilib. MDB-yə üzv ölkələrin dəmiryol administrasiyaları tərəfindən 1993-cü il 17 fevral tarixində qəbul edilən Tarif Razılaşmasına əsasən, hər il keçirilən Tarif Konfranslarında Azərbaycan və Belarus nümayəndələri növbəti fraxt ili üçün qüvvədə olacaq tariflər barədə müzakirələr aparırlar.
Səfir Andrey Ravkov da öz növbəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətlərə toxunub. O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini özü icra edərək 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünün bərpasına nail oldu. Diplomat işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı və sürətli bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyini, həmin bölgələrdə nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə dəmir yolu və nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin bundan sonrakı istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-də Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan Cəmiyyət sədri dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin Macarıstan dəmir yolları ilə “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası (TDƏŞ) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib. O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasında əlaqələrin inkişafından, beynəlxalq və regional layihələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəaliyyətindən məmnunluğunu bildirib. Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb. Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə edilib.
Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq.
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupunun 6-cı iclası keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Cəmiyyət sədri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər ölkələrin də inkişafında əhəmiyyətli rol oynayacaq, iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.
Cavid Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi sayəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı və fəal rolundan söhbət açıb. Bu təşəbbüskarlığın təzahürü olaraq dəhlizə beynəlxalq maraq ildən-ilə güclənir.
Tədbirdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəisinin birinci müavini Pyotr Dulub, İran İslam Respublikası Dəmir Yollarının ticarət və istismar üzrə vitse-prezidenti Murteza Cəfəri, Finlandiya Dəmir Yolları konserninin (“VR Group LTD”) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladislav Şepetovski iştirak ediblər. Yığıncağa onlayn formatda Hindistanın CONCOR konteyner korporasiyasının prezidenti Kalyana Rama da qoşulub.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun sədrliyi ilə keçən İşçi qrupun 6-cı iclasının iştirakçıları ötən toplantının qərarlarının icrası və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindəki daşımaların inkişafı üzrə işlərin gedişatı ilə tanış olublar. Kağız məhsullarının konteynerlərlə Finlandiyadan Hindistana daşınması layihəsinin nəticələrinə baxılıb, mövcud trafik həcmi və Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi perspektivləri, eləcə də AB ölkələrindən konteynerlərin geri yüklənməsi ilə bağlı məsələlər müzakirə olunub. Dəhliz iştirakçıları tərəfindən cəlbedici tarif şərtlərinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca konteyner qatarlarının təşkilində elektron məlumat mübadiləsinin tətbiqi, dəhlizin milli hissələrində infrastrukturun inkişafı, Astaradakı (İran) yükləmə terminalının yük potensialının artırılması, Astara-Rəşt və Zahedan-Çabahar dəmir yolu xətlərinin tikintisi və digər mövzular gündəlikdə yer alan əsas məsələlər olub. İclasda Finlandiya Dəmir Yolları konserni (“VR Group LTD”) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupuna üzv qəbul edilib.
Görüş çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC nümayəndələri ilə İran, Rusiya, Belarus və Finlandiya dəmir yolları təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci il tarixindən qüvvəyə minib. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.
Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.
Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.
Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının Baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.
Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb. Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.
Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.
Eyni zamanda “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.
Yığıncağın sonunda müvafiq protokol imzalanıb.
Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb.
Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının (TDƏŞ) 30-cu yubiley Plenar iclası Moskvada videokonfrans formatında təşkil edilib.
İclasda Avropa, Asiya və MDB ölkələrinin dəmir yolları qurumlarının rəhbərləri, dövlət təşkilatlarının nümayəndələri, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın icraçı katibi, müxtəlif ölkələrin qabaqcıl ekspeditorları, liman şirkətləri, telekommunikasiya və marketinq şirkətlərinin nümayəndələri təmsil olunublar.
Tədbirdə TDƏŞ-in sədri, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru – İdarə Heyətinin sədri Oleq Belozyorov “Trans-Avrasiya daşımalarının inkişaf perspektivləri, çağırışlar və meyillər” mövzusunda məruzə ilə çıxış edib.
Açıq dialoq formatında davam edən tədbirdə Trans-Avrasiya multimodal daşımaların hazırkı vəziyyəti və gələcək planları, eləcə də TDƏŞ-in nəqliyyat əlaqələrinin inkişafındakı rolu barədə dövlət qurumları, dəmir yolu rəhbərləri, nəqliyyat-ekspeditor təşkilatları və assosiasiyaları arasında fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təşkilatın 30-cu yubiley iclası münasibəti ilə iclas iştirakçılarına təbrikini çatdırıb və iclasın uğurlu keçəcəyindən əminliyini ifadə edib. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə 2019-cu ilin sentyabr ayında TDƏŞ-ə daimi üzv qəbul edildiyini xatırladaraq, bunun ölkəmiz üçün yük daşımaları sahəsində yeni imkanlar açdığını, fəaliyyət dairəmizin daha geniş beynəlxalq marşrutları əhatə etməsinə şərait yaratdığını diqqətə çatdırıb. Cəmiyyət sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad etməsinin region ölkələri ilə dəmir yolu sahəsində əlaqələrin inkişafına, müxtəlif qlobal əhəmiyyətli ölkələrin bir-biriləri ilə daha qısa və sərfəli dəmir yolu, digər kommunikasiya bağlantılarına şərait yaratdığını xüsusi vurğulayıb. TDƏŞ çərçivəsində ADY tərəfindən müəyyən işlərin görüldüyünü qeyd edən sədr, o cümlədən infrastruktur sahəsində aparılan işlər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin rekonstruksiyası və Astara terminalının tikintisi barədə məlumat verib.
O, həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya –Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialından istifadə olunması perspektivlərini xüsusi qeyd edib.
İclasda TDƏŞ-ə üzv aparıcı ekspeditor və operator şirkətlərinin rəhbərləri tərəfindən Trans-Avropa daşımalarında uğurlu intermodal nəqliyyat xidmətləri təqdim edilib, rəqabətqabiliyyətli nəqliyyat-loqistika məhsullarının yaradılması təcrübəsi bölüşülərək beynəlxalq yük daşımalarında dəmir yolu və dəniz limanlarının infrastrukturunun səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər səsləndirilib. Multimodal xidmətlərin davamlı fəaliyyətinin zəruri elementləri kimi dəniz limanlarının dəmir yolları ilə effektiv qarşılıqlı əlaqəsinin qurulması və yük daşımaları üzrə digər loqistika iştirakçıları ilə sinxronizasiya yollarına da nəzər salınıb.
Tədbir iştirakçıları dəniz limanlarının rəqabət mövqelərinin saxlanılmasında yüklərin diversifikasiyası, xərclərin optimallaşdırılması və konteynerlərdən istifadə təcrübəsini bölüşüblər.
Sonda Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının təşkilati məsələlər, o cümlədən yeni üzvlərin qəbulu, İşçi qrupların iş planlarının təsdiqi və digər məsələlər müzakirə edilib.
Rusiyada taxıl məhsulu yığımı təxminən 127 milyon ton olacaq
Rusiya Prezidenti Vladimir Putin, bu il Rusiyada taxıl məhsulu yığımının təxminən 127 milyon ton olacağını və bu məhsulun həm daxili ehtiyacları, həm də ixracı ödəyəcəyini bildirib.
"Düşünürəm ki, bu il bir sıra səbəblərdən ötən ilki rekord həcmi əldə edə bilməyəcəyik, lakin 127 milyondan çox taxıl yığa biləcəyik. Bu çox yaxşı göstəricidir, asanlıqla daxili ehtiyaclarımızı, hətta ixrac potensialımızı təmin etmək imkanımız olacaq" – bunu Putin bazar günü “Yedinaya Rossiya” partiyasının nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, Rusiyada aqrar iqtisadiyyat yaxşı templərlə inkişaf edir.
Kənd Təsərrüfatı Nazirliyinin əsas proqnozuna görə, bu il taxıl məhsulu yığımı 127,4 milyon ton təşkil edəcək, o cümlədən 81 milyon ton - buğda. 2020 -ci ildə bu göstərici mevafiq olaraq 133,5 milyon ton və 85,9 milyon ton təşkil edib. Bu kənd təsərrüfatı ilində (2021-ci ilin iyul ayından-2022-ci ilin iyul ayına qədər) taxıl ixracatının 51 milyon ton təşkil edəcəyi proqnozlaşdılırır. Ötən kənd təsərrüfatı ilində Rusiya Federasiyası 48 milyon tondan çox taxıl ixrac etmişdir.